Mobil kassa terminalının alqı-satqısına dair ictimai müqavilə (oferta)

1. Ümumi müddəalar

1.1. Mobil kassa terminalının alqı-satqısına dair aşağıdakı ümumi təklifi (ofertanı) (bundan sonra Oferta), eləcə də, www.smartone.az veb səhifəsində (bundan sonra “sayt”, “veb sayt”, “səhifə”) verilən məlumatları yerləşdirməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408 və 409-cu maddələrini rəhbər tutaraq, VÖENi 9900003611 olan “AZSMART ” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Satıcı) hər hansı bir hüquqi və ya fiziki şəxsə göstərilən Ofertanın şərtləri daxilində saytda yerləşdirilmiş dəyişikliklərlə mobil kassa aparatlarının alqı-satqısına dair Oferta irəli sürür.

1.2. Sayt materiallarının və xidmətlərinin İnternet vasitəsilə saytı ziyarət edən bütün şəxslər tərəfindən istifadə edilməsi qaydalarını bu Oferta müəyyən edir. Ofertanın şərtləri saytda göstərilən müddəalar ilə müəyyən edilir və aşağıdakı məlumatları ehtiva edir: Mal, çatdırılma müddəti və yeri, Malın qiyməti, həmçinin müqavilələrin bağlanması üçün vacib olan digər şərtlər.

1.3. Saytı ziyarət edən və bu Ofertanın müəyyən etdiyi qaydada saytdan Mal sifariş edən şəxs (bundan sonra Alıcı) Ofertanın şərtlərini tam və qeyd-şərtsiz qəbul edir. Alıcı tərəfindən Oferta şərtlərinin qəbul edilməsi (bundan sonra “Aksept”) Satıcı ilə Alıcı arasında (bundan sonra birlikdə “Tərəflər”, ayrı-ayrılıqda “Tərəf”) mobil kassa terminallarının satışına dair ictimai müqavilənin bağlanması deməkdir (bundan sonra “Müqavilə”).

1.4. Bu Oferta Müqavilənin bütün əsas şərtlərini ehtiva edir. Alıcı, Ofertanın bütün şərtləri ilə tam tanışlıq və razılıq faktını təsdiq edir. Ofertanın şərtləri ilə tanış olduqdan və Alıcı tərəfindən qəbul edildikdən sonra Müqavilənin bütün əsas şərtləri Tərəflər arasında razılaşdırılmış hesab olunur. Bundan sonra Alıcı Satıcı ilə müqavilə münasibətləri quran şəxs kimi çıxış edir.

1.5. Alıcı Satıcıya Müqaviləni bağlamaq üçün tam və qeyd-şərtsiz razılıq verir. Bu Ofertanı qəbul etməklə Alıcı tərəfindən bağlanan Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409-cu maddəsinə uyğun olaraq hüquqi qüvvəyə malikdir və yazılı şəkildə bağlanmış müqaviləyə bərabərdir. Müqavilənin kağız daşıyıcıda yazılı mətni Alıcının tələbi əsasında təqdim oluna bilər.

1.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408 və 409-cu maddələrinə əsasən Müqavilə hüquqi qüvvəyə malikdir və Ofertanı Aksept etməli olan tərəf özünün müqavilə şərtlərini təklif edə bilməz.

1.7. Tərəflər arasındakı Müqavilə Satıcının səhifədə sifariş aldığı andan və ya Satıcının operatoru tərəfindən şifahi sifarişin alındığı andan və Satıcının sifarişin icraya qəbul edildiyini təsdiq etməsindən sonra qüvvəyə minir.

1.8. Satıcı və Alıcı yalnız Azərbaycan qanunvericiliyində və bu Müqavilədə açıq şəkildə nəzərdə tutulmuş hallarda və qaydada Müqavilə şərtlərindən geri çəkilə bilərlər.

1.9. Müqavilənin bağlandığı andan etibarən Alıcı Oferta şərtlərini başa düşmədiyinə istinad edə bilməz.

1.10. Oferta, saytda müvafiq dəyişikliklər etməklə, yaxud sifarişi qəbul etməzdən əvvəl və ya sifarişi qəbul edərkən Alıcıya şifahi şəkildə bildirməklə Satıcı tərəfindən geri götürülə bilər.

1.11. Satıcı istənilən vaxt saytda Oferta şərtlərini müstəqil şəkildə dəyişə bilər. Bu zaman, Ofertanın dəyişdirilmiş şərtləri onlar haqqında məlumatın saytda yerləşdirildiyi an qüvvəyə minir və onların saytdan silinməsi anına qədər qüvvədə qalır.
1.12. Ofertanın müəyyən şərtlərinin dəyişdirilməsi bütünlükdə Ofertanın dəyişdirilməsi deməkdir. Satıcı tərəfindən dəyişdirilməzdən əvvəl Ofertanı qəbul etməyən Alıcı, onunla indiki Ofertanın şərtlərindən əvvəlki şərtlərlə Müqavilə bağlanmasını tələb edə bilməz.

1.13. Alıcı Müqaviləni müstəqil şəkildə bağlamaq və icra etmək qabiliyyətini müvəqqəti və ya daimi olaraq itirərsə, Satıcı Alıcı ilə Müqavilə bağlamaqdan imtina edə bilər. İmtina haqqında məlumat Alıcıya onun sifarişini saytda və ya Satıcının operatoru (məsləhətçi) vasitəsilə şifahi olaraq təsdiqləməkdən imtina etməklə verilir.

1.14. Sayt, profilaktik və ya texniki işlərin aparılması səbəbiylə müvəqqəti olaraq işləməyə bilər.

1.15. Əksi açıq şəkildə razılaşdırılmadığı təqdirdə, bu Müqavilədə istifadə olunan təriflər aşağıdakı kimi şərh edilməlidir:

1.15.1. “Mal” – kassa əməliyyatlarını aparmaq, barkodları və QR kodları skan etmək, bank POS terminalı funksiyalarını yerinə yetirmək, fiskal sənədlər yaratmaq, onları onlayn rejimdə fiskal serverə göndərmək, fiskal sənədləri kağız daşıyıcılarında çap etmək və elektron qəbzlər yaratmaq, mal və xidmət kataloqları yaratmaq, hesabatlar və analitik məlumatlar almaq imkanı verən hesablaşma əməliyyatlarının proqram qeydiyyatçısı da daxil olmaqla, xüsusi cihazlara və proqram təminatına malik yenilikçi elektron hesablama maşını olan “AZ Smart” mobil kassa terminalı.

1.15.2. “Sifariş” – Malların çeşid siyahısından müəyyən növlətin əldə olunması üçün Alıcı tərəfindən formalaşdırılan elektron ərizə forması və ya Malların çeşid siyahısından müəyyən növlərin əldə olunması üçün Satıcının operatoru (məsləhətçi) vasitəsilə şifahi şəkildə formalaşdırılan ərizə. Ərizə Alıcı (Alıcını eyniləşdirməyə imkan verən fərdi məlumatlar, çatdırılma ünvanı, digər qeydlər), seçilmiş Mal, onun ümumi dəyəri haqqında məlumatı ehtiva edir.

1.15.3. “Operator (məsləhətçi)” – Satıcının Sifarişləri qəbul edən və Sifarişin yekun dəyərini hesablayan nümayəndəsi.

1.15.4. “Servis xidməti mərkəzi”, “SXM” – Satıcı və ya Satıcı tərəfindən Malların servis xidmətinin təmin edilməsi üçün cəlb edilmiş akkreditə olunmuş təsərrüfat subyektləri.

1.15.5. “Çatdırılma” – Malın Satıcıdan Alıcıya Satıcı nümayəndələri və ya ayrı bir müqaviləyə uyğun olaraq Satıcıya xidmət göstərən müstəqil podratçı tərəfindən Malın Çatdırılma yerində birbaşa çatdırılması və ya Malın poçt vasitəsilə göndərilməsi.

1.15.6. “Malın Təhvil verilmə yeri” – Malın Alıcıya özü götürmə şərtləri ilə təhvil verildiyi Satıcı məkanı.

1.15.7. “Malın Çatdırılma yeri” – Malın Alıcıya çatdırılması üçün Tərəflər arasında razılaşdırılmış və Satıcının Malı çatdırmağı öhdəsinə götürdüyü, Satıcının məkanından fərqli olan yaşayış məntəqəsi daxilində və ya xaricində yerləşən hər hansı bir məntəqə.

2. Müqavilənin predmeti

2.1. Satıcı, siyahısı Satıcı tərəfindən təsdiqlənmiş Alıcı sifarişində göstərilən Malları Alıcının mülkiyyətinə keçirməyi, Alıcı isə bu Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərdə onların dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürür.

2.2. Sifariş verərkən Alıcı, öz mülahizəsinə əsasən, almaq istədiyi Malları seçir, miqdarını təyin edir. Satıcı Alıcının seçiminə təsir etmir.

2.3. Bu Müqavilə Alıcı tərəfindən sifarişin verildiyi anda saytda haqqında məlumat yerləşdirilmiş bütün Mallara şamil edilir.

3. Sifarişin rəsmiləşdirilməsi və icrası qaydası.

3.1. Bütün sifarişlər www.smartone.az veb səhifəsi vasitəsilə elektron ərizənin və ya Satıcının operatoru (məsləhətçi) vasitəsilə şifahi ərizənin verilməsi yolu ilə rəsmiləşdirilir. Sifariş vermək imkanı əldə etmək üçün Alıcı qeyd olunan veb səhifədə şəxsi kabinetini (akkauntunu) qeydiyyatdan keçirməlidir.

3.2. Rəsmiləşdirmə üsulundan (telefon ilə şifahi şəkildə və ya saytda elektron şəkildə) asılı olmayaraq Alıcı aşağıdakıları təsdiq edir:

– Alıcı Müqavilə bağlamaq üçün təklifin (ofertin) şərtləri ilə tanışdır və onları tam və qeyd-şərtsiz qəbul edir;

– Alıcı Malın çeşidi və dəyəri, ödəmə və çatdırılma şərtləri, saytda göstərilmiş digər alqı-satqı şərtləri ilə tanışdır və onlarla razılaşır;

– sifarişin rəsmiləşdirilməsi zamanı Alıcı tərəfindən təqdim olunan bütün məlumatlar (Malların siyahısı, özünün fərdi məlumatları, çatdırılma ünvanı, telefon nömrəsi və s.) aktual və tamdırlar;

– Alıcı, sifarişin rəsmiləşdirilməsi zamanı Malların çeşidi, miqdarı və s. ilə bağlı təqdim etmək istədiyi bütün lazımi sifariş detallarını təqdim etmişdir.

3.3. Alıcı, daha əvvəl əsassız olaraq almaqdan imtina etdiyi ən az bir sifariş veribsə, Satıcı Alıcının sifarişini yerinə yetirməkdən və qəbul etməkdən imtina etmək hüququna malikdir. Sifariş almaqdan əsassız olaraq imtina etmək dedikdə aşağıdakılar başa düşülür:

– sifariş verilmiş Malların təhvil verilməsinin razılaşdırılmış tarixində sifarişin Alıcı tərəfindən alınmaması;

– Malın çatdırıldığını və Alıcıya təhvil verməyə hazır olduğunu bildirmək məqsədilə Satıcı tərəfindən Alıcı ilə əlaqə qurma cəhdlərinə (kuryerin telefon zəngi, SMS mesajı və s.) Alıcının cavab verməməsi;

– Alıcının Malı təhvil almaqdan əsassız olaraq imtina etməsi;

– sifariş verilmiş Malın çatdırılması üçün yanlış məlumatın təqdim olunması.

Bu halda, Alıcının eyniləşdirilməsi telefon nömrəsi və ya elektron poçt ünvanı ilə həyata keçirilir.

3.4. Alıcı çatdıırılmış Mala baxmalı, miqdarını, çeşidini, komplektliyini və keyfiyyətini yoxlamalı, uyğunsuzluq və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə dərhal Alıcının şəxsi kabineti, poçt vasitəsilə Satcıya və ya Malı Alıcıya çatdırmış Satıcı nümayəndəsinə şəxsən məlumat verməlidir. Bundan əlavə, Alıcı Malın tam olmadığını aşkar etdikdə bunu müşayiət edən sənədlərdə qeyd edir. Belə bir qeyd olmadığı təqdirdə, Tərəflər tam komplektasiyada təslim eliməni qəbul edirlər.

3.5. Malın mülkiyyəti, habelə təsadüfən zədələnmə və ya itmə riski, Malların ona təhvil verildiyi andan Alıcıya keçir. Alıcı qeyd-şərtsiz razılaşır və qəbul edir ki, Satıcının proqram təminatı ilə yaradılan Alıcının Malı təhvil alması haqqında məlumatlar Satıcı tərəfindən Malın çatdırılması faktının yetərli və qanuni təsdiqidir.

3.6. Alıcı, Satıcıdan Mal almaq üçün www.smartone.az saytından seçilmiş bankda cari hesab açmaq və ekvayrinq haqqında müqavilə bağlamalıdır.

3.7. Alıcı ilə ekvayrinq xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanması haqqında məlumatı Alıcının bankından aldıqdan sonra Satıcı, Alıcı bankından bu məlumatın alındığı tarixdən 30 (otuz) iş günü ərzində Malın çatdırılmasını təşkil etməyi öhdəsinə götürür.

3.8. Bank Alıcı ilə ekvayrinq xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamaqdan imtina edərsə (Alıcının www.smartone.az saytından seçdiyi bank), Alıcı www.smartone.az saytında göstərilmiş digər bank ilə cari hesab açmaq və ekvayrinq haqqında müqavilə bağlamaq və ya Mal üçün ödənilən məbləği geri almaq imkanına malikdir.

3.9. Mal, hesablaşma əməliyyatlarının proqram qeydiyyatçısı da daxil olmaqla, müəllif hüquqları sahibi Satıcı olan proqram təminatının əvvəlcədən quraşdırılmış nüsxəsi ilə birlikdə verilir. Bu halda, Alıcıya qeyd edilən proqram təminatından istifadə etmək üçün qeyri-müstəsna hüquq verilir.

3.10. Proqram təminatı, beynəlxalq təcrübədə ümumi qəbul edilmiş “olduğu kimi” (“as is”) prinsipinə uyğun olaraq Alıcıya verilir, yəni proqram təminatının istismarı zamanı yaranan problemlərə (istifadə nəticələrinin Alıcının gözləntiləri ilə uyğunsuzluq problemləri daxil olmaqla) görə Satıcı məsuliyyət daşımır.

3.11. Tədarük edilən Malın keyfiyyəti Azərbaycan Respublikasında qüvvədə olan istehsalçı standartlarına və texniki xüsusiyyətlərinə uyğundur. Malın təhlükəsizliyinə dair tələblər Azərbaycan Respublikasında qüvvədə olan texniki reqlamentlərə uyğundur. Mallar, Azərbaycan Respublikası ərazisində qüvvədə olan və göstərilən mallara olan bütün zəruri tələblərə cavab verir.

3.12. Malın zəmanət müddəti və zəmanət şərtləri, servis xidməti qaydası www.smartone.az saytında göstərilir və yalnız bu veb səhifədə siyahısı göstərilən səlahiyyətli SXM-lər tərəfindən həyata keçirilə bilər.

3.13. Zəmanət təmiri işləri aparılarkən Malın göndərilməsi və geri qaytarılması, Malın və ya onun hissələrinin dəyişdirilməsi və/və ya servis xidməti Alıcının hesabına həyata keçirilir.

4. Sifarişin dəyəri və ödəmə qaydası

4.1. Malların dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə müəyyən edilir və Satıcının www.smartone.az saytında dərc olunmuş qiymət siyahısında göstərilir. Satıcı, Alıcını xəbərdar etmədən sifarişin rəsmiləşdirilməsindən əvvəl Malın qiymətini dəyişdirmək hüququnu özündə saxlayır.

4.2. Sifarişin ümumi dəyəri, Alıcının təsdiq edilmiş sifarişində göstərilən bütün Malların sifariş anında aktual olan dəyərindən, həmçinin kuryer və ya poçt çatdırılması dəyərindən ibarətdir.

4.3. Sifarişin ödənilməsi sifariş zamanı təklif olunan ödəniş üsulları arasından Alıcının seçdiyi qaydada həyata keçirilir.

4.4. Sifariş verilmiş Malın ödənişi Alıcı tərəfindən Satıcının hesablaşma hesabına pul köçürməklə bank köçürməsi yolu ilə 100% əvvəlcədən ödəmə əsasında həyata keçirilir.

4.5. Satıcı, Malın kuryer tərəfindən Alıcının qeyd etdiyi çatdırılma ünvanına çatdırılmasına qədər (çatdırılma üsulu olaraq kuryer çatdırılması seçildiyi təqdirdə), Alıcı tərəfindən Malın sifarişlərin təhvil verilməsi yerində verilməsini tələb edənə qədər (sifarişin təhvil verilmə yerindən Alıcının özü tərəfindən götürülməsi seçildiyi təqdirdə) müvafiq sifarişin ödənilməsi öhdəliyinin Alıcı tərəfindən yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi halında sifarişin icrasını dayandırmaq və/ və ya sifarişi birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Bu halda, Satıcı göstərilən qərarlara (hərəkətlərə) görə məsuliyyət daşımır.

4.6. Malların saytdakı dəyəri və çeşidi Satıcı tərəfindən, onun şəxsi mülahizəsi əsasında, istənilən vaxt Alıcıya bildirilmədən dəyişdirilə bilər. Bu halda, müəyyən bir sifarişin rəsmiləşdirilməsi zamanı Malların saytda göstərilən dəyəri bu sifarişin rəsmiləşdirilməsi üçün aktual və etibarlıdır.

4.7. Sifarişin yekun dəyəri, elektron ərizə yerləşdirərkən Satıcının proqram vasitələri tərəfindən yaradılan və operator (məsləhətçi) tərəfindən təsdiq edilən və ya şifahi şəkildə sifariş zamanı operator (məsləhətçi) tərəfindən göstərilən dəyərdir.

4.8. Aksiyaların keçirilməsi və s. ilə əlaqədar olaraq çeşid, Malların dəyəri, digər sifariş şərtləri və s. üçün xüsusi şərtlərin müəyyən edilməsi halında, bu cür hərəkətlər Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun” bütün istehlakçılar üçün bərabər şəraitin yaradılması haqqında tələblərinin pozulması hesab edilməyəcək.

4.9. Malların aksiya satışları dövrü ərzində Alıcı Malı aşağıdakı şərtlərlə almaq imkanına malikdir:

4.9.1. Seçilmiş Mal üçün sifariş rəsmiləşdirmək və sifariş anında mövcud olan qiyməti sabitləmək;

4.9.2. Malın bir vahidi üçün müvafiq məbləğ ödəmək və Malın çatdırılmasına qədər Alıcının elektron cihazına (smartfon, planşet, noutbuk və s.) quraşdırmaq üçün hesablaşma əməliyyatlarının proqram qeydiyyatçısını Satıcı tərəfindən pulsuz quraşdırılma ilə hədiyyə olaraq almaq;

4.9.3. Malın sabit qiymətindən çıxış edərək sifariş verilmiş Malı, qalan məbləği Malların əldə olunduğu andan gec olmayaraq ödəməklə almaq;

4.9.4. Aksiya satışları çərçivəsində Mal almaqdan imtina edildikdə, Alıcı onun elektron cihazında quraşdırılmış hesablaşma əməliyyatlarının proqram qeydiyyatçısından istifadə etməyə davam etmək hüququna malikdir, Mal üçün ödənilmiş məbləğ isə, hesablaşma əməliyyatlarının bu cür proqram qeydiyyatçısının sonrakı texniki qulluğu üçün ödəniş hesabında saxlanılır.

4.9.5. Malların aksiya satışlarının müddəti və sifariş verildiyi təqdirdə onların Alıcıya çatdırılma müddəti aksiya satışlarının həyata keçirildiyi Malların təsvirlərində göstərilmişdir.

4.10. Malların bayram aksiya satışlarının keçirilməsi dövründə Bu Müqavilənin digər bəndləri bu Müqavilənin 4.9. bəndinin şərtlərini nəzərə almaqla tətbiq edilir.

4.11. Əvvəlki çatdırılma Alıcının günahı ucbatından həyata keçirilmədiyi, o cümlədən çatdırılma yeri, alıcının adı və s. düzgün göstərilmədiyi halda, Satıcı, Malın yenidən göndərilməsi üçün Alıcıdan əlavə ödəniş tələb etmək hüququnu özündə saxlayır.

5. Tərəflərin hüqqu və öhədlikləri.

5.1. Satıcı öhdəsinə götürür:

– bu Müqavilənin şərtlərində nəzərdə tutulmuş Malları satmaq;

– Alıcıya Mal sifariş etmək və ödəmək imkanı vermək;
– saytdan istifadə və sifarişin rəsmiləşdirilməsi ilə bağlı məsləhətlər vermək;

– Alıcının sifarişini vaxtında və tam yerinə yetirmək.

5.2. Satıcının hüququ var:

– Alıcının bu Müqaviləyə uyğun olaraq öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbindən sifariş edilmiş Malların satılmasından və/və ya təhvil verilməsindən imtina etmək;

– bu Müqaviləyə birtərəfli qaydada dəyişikliklər etmək;

– sayta yerləşdirilmiş məlumatlara birtərəfli qaydada və öz mülahizəsinə görə dəyişikliklər etmək;

– Alıcı qarşısında öhdəliklərini yerinə yetirmək üçün üçüncü şəxsləri cəlb etmək;

– Sifariş zamanı Alıcının qeyd etdiyi telefon nömrəsi vasitəsilə Alıcının xəbərdar edilməsi şərti ilə Malların Alıcıya çatdırılma şərtlərini və/və ya müddətini dəyişdirmək.

– Bu Müqavilədə və Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulan digər hüquqlar.

5.3. Alıcı öhdəsinə götürür:

– sifariş verməyə başlamazdan əvvəl, bu Müqavilənin məzmunu, saytda yerləşdirilmiş ödəniş və çatdırılma şərtləri ilə tanış olmaq;

– bu Müqavilənin şərtlərinə riayət etmək;

– Alıcının sifarişinə uyğun keyfiyyətli Malı qəbul etmək;

– bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Malın dəyərini ödəmək;

– Sifariş zamanı Satıcıya etibarlı məlumatlar vermək;

– Sifariş zamanı Tərəflər arasında razılaşdırılmış çatdırılma yerində vaxtında olmaq;

– Malın zəmanət təmirini və/və ya servis xidmətini yalnız səlahiyyətli SXM-də həyata keçirmək.

5.4. Alıcının hüququ var:

– bu Müqavilənin şərtlərinə müvafiq olaraq rəsmiləşdirilmiş sifarişə uyğun olaraq Malların satılmasını Satıcıdan tələb etmək;

– sifariş verilmiş Malları təhvil alarkən onların miqdarını və adlarını yoxlamaq.

5.5. Satıcının Müqavilə üzrə öhdəlikləri Satıcının Malı Alıcıya təhvil verdiyi andan etibarən yerinə yetirilmiş hesab edilir.

6. Məxfilik və məlumatların qorunması.

6.1. Alıcı tərəfindən Satıcıya təqdim olunan fərdi məlumatlar və digər məlumatlar məxfidirlər. Satıcı, Alıcı haqqında məlumatları Alıcının sifarişlərini yerinə yetirmək üçün, bu Müqavilədə başqa məqsədlər göstərilmədiyi təqdirdə, bu Müqavilə və www.smartone.az saytında yerləşdirilən fərdi məlumatların işlənməsi və qorunması haqında Siyasət ilə müəyyən edilmiş qaydada istifadə edir.
İstənilən bank ilə ekvayrinq müqaviləsi bağlayarkən Satıcı, Malın istifadəsi ilə edilən əməliyyatlar haqqında məlumatları Alıcıya ekvayrinq xidmətləri göstərən banka ötürmək hüququna malikdir. Bu halda, bu hərəkətləri yerinə yetirmək üçün Alıcının əlavə razılığı tələb olunmur.

6.2. Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Satıcı, Alıcı tərəfindən təqdim olunan məlumatlara yalnız Alıcının sifarişinin rəsmiləşdirilməsi və icrası ilə birbaşa məşğul olan şəxslərin daxil ola bilməsini təmin edir.

6.3. Saytda elektron sifariş formasını, eləcə də, saytdakı istənilən digər məlumatları dolduraraq, Alıcı fərdi məlumatlarının Satıcı tərəfindən toplanmasına və işlənməsinə aşağıdakı məqsədlərlə razılıq verir:

– Alıcının eyniləşdirilməsi;

– Alıcının sifarişləri və onun üstünlük verdikləri ilə bağlı statistik məlumat bazalarının yaradılması;

– Alıcı sifarişlərinin qəbul edilməsi və işlənməsi;

– Alıcı sifarişlərinin faktiki olaraq yerinə yetirilməsi;

– Alıcı ödənişlərinin qəbulu və geri qaytarılması;

– Alıcıya Mallar və Xidmətlər, aksiyalar, lotereyalar, fərdi təkliflər haqqında məlumatların göndərilməsi;

– mübahisəli məsələlərin həll olunması;

– Azərbaycan Respublikası qanunvericiliyinin normalarına uyğun olaraq Tərəflərin məqsədəuyğun gördükləri və ya yerinə yetirməli olduqları digər məqsədlər.

6.4. Alıcı, bu Müqavilənin həyata keçirilməsi üçün onun fərdi məlumatları ilə lazım olan tədbirlərin həyata keçirilməsi, o cümlədən fərdi məlumatların Satıcının məlumat bazalarında yerləşdirilməsi (Alıcıya əlavə xəbərdarlıq edilmədən), məlumatların saxlanılması (o cümlədən daimi), onların toplanması, yenilənməsi, dəyişdirilməsi (lazım olduqda) üçün Satıcıya öz razılığını verir.

6.5. Satıcı, məlumatların üçüncü şəxslərin icazəsiz girişindən qorunmasını təmin etməyi, məlumatları üçüncü tərəfə verməməyi və ya ötürməməyi öhdəsinə götürür (məlumatların göstərilən məqsədlər üçün birbaşa məlumat emalını həyata keçirmək və ya sifarişin icrasında iştirak etmək üçün Satıcı tərəfindən səlahiyyət verilən üçüncü şəxslərə ötürülməsi, həmçinin səlahiyyətli dövlət orqanının məcburi tələbi istisna olmaqla).

6.6. Satıcı, bu Müqavilənin və Alıcı ilə bağlanan digər müqavilələrin icrası məqsədi ilə Alıcıdan alınan fərdi məlumatları onunla yazışmaq (məktubların, e-poçtların, SMS mesajlarının göndərilməsi və alınması), telefon zəngləri, həmçinin audio və video tətbiqlər vasitəsilə zənglər etmək, Alıcının yerləşdiyi yeri müəyyən etmək, Satıcının nümayəndələri vasitəsi ilə Alıcı ilə birbaşa ünsiyyət üçün istifadə etmək hüququna malikdir.

6.7. Alıcı, Satıcı ilə aralarındakı yazışmaların, telefon zənglərinin, audio və video tətbiqlər vasitəsi ilə qurulan ünsiyyətin yazılmasına və saxlanılmasına razılığını verir. Satıcı, onları müştəri xidməti prosedurlarını təhlil etmək və təkmilləşdirmək, statistik məlumat bazaları yaratmaq və mübahisəli məsələləri həll etmək üçün saxlayır və istifadə edir. Onların üçüncü şəxslərə verilməsi yalnız Azərbaycan Respublikası qanunvericiliyində, habelə bu Müqavilədə nəzərdə tutulmuş məqsədlər, hallar və qaydada mümkündür. Satıcı yuxarıda göstərilən məlumatları saxlamamaq hüququna malikdir, Alıcının isə bu cür məlumatların ona verilməsini tələb etmək və ya hər hansı bir hərəkətinin və ya hərəkətsizliyinin səbəbi kimi bu məlumatların olmamasını göstərmək hüququ yoxdur.

6.8. Satıcı bu Müqavilənin 6.1. bəndində göstərilən məlumatları bu Müqavilənin həyata keçirilməsinə Satıcı tərəfindən cəlb edilən üçüncü şəxslərə ötürə bilər.

6.9. Alıcı, Satıcının Cookie texnologiyasından istifadə etməsinə razılıq verir. Alıcı Cookie texnologiyasından istifadə etməkdən imtina edərsə, Satıcı saytın və əlaqəli tətbiqlərin düzgün işləməməsinə görə məsuliyyət daşımır.

6.10. Satıcı, Alıcı tərəfindən verilən məlumatların, o cümlədən saytda qeydiyyat, sifarişin rəsmiləşdirilməsi, İstifadəçi qeydlərinin və mesajlarının (rəylər, şikayətlər, digər mesajlar) saytda yerləşdirilməsi zamanı əldə olunan məlumatların məzmununa və düzgünlüyünə görə məsuliyyət daşımır.

6.11. Alıcı başa düşür ki, onun tərəfindən yanlış və/və ya səhv göstərilmiş məlumatlar Satıcının bu Müqavilənin şərtlərini və məsuliyyəti Alıcının üzərində olan Satıcı ilə Alıcı arasında bağlanmış digər müqavilələri düzgün yerinə yetirməməsinə səbəb ola bilər.

6.12. Alıcı, öz növbəsində, bu Müqavilənin və Satıcı ilə Alıcı arasında bağlanmış digər müqavilələrin icrası zamanı Satıcıdan aldığı bütün məlumatların məxfiliyini qorumağı öhdəsinə götürür.

7. Tərəflərin məsuliyyəti.

7.1. Satıcı saytda Mallar haqqında yerləşdirilən məlumatlara görə məsuliyyət daşıyır.

7.2. Alıcının saytda yerləşdirilmiş məlumatlarına (rəylər, fikirlər, icmallar, şikayətlər və s.) görə məsuliyyəti Alıcı daşıyır.

7.3. Satıcı, bu cür məlumatların saytda yerləşdirilməməsi lazım olduğuna inandığı təqdirdə heç bir səbəb göstərmədən istənilən şəxs haqqında məlumatları saytdan silmək hüququna malikdir. Bu cür məlumatların Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin normalarına uyğun olaraq saytda yerləşdirilməsi tələb olunduğu hallar istisna edilir.

7.4. Saytda olan materiallarda ola biləcək qrammatik və sintaksis səhvlərə, yazı xətalarına və qeyri-dəqiqliklərə görə Satıcı məsuliyyət daşımır. Satıcı saytda verilən məlumatların dəqiqliyini və etibarlılığını təmin etmək üçün bütün lazımi səyləri göstərir.

7.5. Saytda göstərilən və ya Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin normaları və Tərəflərin razılaşması ilə nəzərdə tutulanlar istisna olmaqla, bütün məlumatlar və materiallar “olduğu kimi” prinsipi əsasında, aşkar və ya nəzərdə tutulan heç bir zəmanət olmadan verilir.

7.6. Bu cür hərəkətlər hər hansı bir şəkildə sayta, Satıcı Mallarına toxunursa və ya onların iştirakını nəzərdə tutursa, Alıcının üçüncü şəxslərlə və ya üçüncü şəxslərin Alıcı ilə münasibətdə qanunsuz hərəkətlərinə görə Satıcı məsuliyyət daşımır.

7.7. Satıcı, bu veb saytdan, onun istifadəsindən və ya istifadə edilə bilməməsindən qaynaqlanan hər hansı bir zərər, itki və ya məsrəfə (real və ya mümkün) görə məsuliyyət daşımır.

7.8. Malın Azərbaycan Respublikasında müəyyən edilmiş tələblərə uyğun gəlməməsi ilə əlaqədar Alıcı iddialarının təmin edilməsi qaydası Satıcının zəmanət öhdəlikləri və Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilir. Bütün hallarda, Satıcının Müqavilə üzrə ümumi məsuliyyəti Alıcının məhkəmə qaydasında birbaşa sübut edilmiş ziyanının ödənilməsi ilə məhdudlaşır. Bu məbləğ, heç bir halda, iddia mövzusu olan ödənilmiş Malın dəyərinə bərabər olan məbləği aşa bilməz.

7.9. Satıcı, Alıcının öz hesabına daxil olma imkanını itirməsinə (loqin, şifrə və digər məlumatların itirilməsi), həmçinin Alıcı hesabının üçüncü şəxslər, o cümlədən məhdud işləmə bacarığı olan və/və ya məhdud fəaliyyət qabiliyyətli üçüncü şəxslər tərəfindən istifadəsinə görə məsuliyyət daşımır.

7.10. Satıcı, saytda olan və sayt vasitəsi ilə yerləşdirilən məlumatları qəbul etməmək və/və ya silmək, öz hərəkətləri ilə saytın düzgün işləməsini bloklayan və/və ya məhdudlaşdıran və ya bu Müqavilənin tələblərini pozan Alıcının sayta girişini dayandırmaq üçün texniki və hüquqi tədbirlər görmək hüququnu özündə saxlayır.

7.11. Satıcı aşağıdakılara görə məsuliyyət daşımır:

– sifariş vermə və ya digər bir əməliyyat zamanı fors-major halları səbəbindən yaranan gecikmələrə və ya nöqsanlara, həmçinin telekommunikasiya, kompüter, elektrik və digər əlaqəli sistemlərdə hər hansı bir nasazlıq hallarına görə;

– köçürmə sistemlərinin, bankların, ödəniş sistemlərinin hərəkətləri və onların işi ilə əlaqədar gecikmələrə görə;

– Alıcının saytdan istifadə etmək üçün lazımi texniki vasitələri yoxdursa, Satıcı saytın düzgün işləməsinə görə məsuliyyət, həmçinin Alıcının bu vasitələrlə təmin edilməsi öhdəliyi daşımır;

– Alıcı tərəfindən Malın düzgün istifadə edilməməsinə görə.

7.12. Alıcı, elektron sifariş formasına daxil edilmiş və/və ya şifahi sifariş zamanı operatora (məsləhətçiyə) çatdırılan məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.

8. Müstəsna hüquqlar.

8.1. www.smartone.az saytındakı xidmətlərin göstərilməsi üçün mövcud olan bütün obyektlər, o cümlədən dizayn elementləri, mətn, qrafik təsvirlər, illüstrasiyalar, videolar, elektron hesablama maşını proqramlar, verilənlər bazası, musiqi, səslər və digər obyektlər də daxil olmaqla (bundan sonra xidmət məzmunu), həmçinin qeyd edilən saytda yerləşdirilən hər hansı bir məzmun Satıcının əqli mülkiyyət hüquqlarına tabedir.

8.2. Məzmunun, həmçinin istənilən digər xidmət elementlərinin istifadəsi yalnız bu və ya digər xidmətin təklif etdiyi funksionallıq imkanları çərçivəsində mümkündür. Heç bir xidmət məzmununun elementləri, həmçinin xidmətlərdə yerləşdirilən istənilən məzmun Satıcının əvvəlcədən icazəsi olmadan istifadə edilə bilməz. İstifadə dedikdə, başa düşülür: birbaşa Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, təkrar istehsal, surət çıxarma, emal, hər hansı bir əsasda yayma, çərçivədə göstərmə və s.

9. Fors-major halları.

9.1. Satıcı tərəfindən bu Müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə yerinə yetirilməməsi fors-major hallarından irəli gəlirsə, o, öhədliklərin bu cür yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilir.

9.2. Fors-major halları dedikdə, bu Müqavilənin şərtlərində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini obyektiv olaraq qeyri-mümkün edən, yaranması və mövcudluğu Satıcının nəzarətində olmayan fövqəladə və qaçılmaz hallar başa düşülür.

9.3. Fors-major hallara aiddir: müharibə, müharibə təhlükəsi, silahlı qarşıdurma təhlükəsi və ya bu cür qarşıdurmanın ciddi təhlükəsi, hərbi əməliyyatlar, terror aktları, təxribat, kütləvi çaxnaşma, inqilab, dövlət çevrilişi, yanğın, partlayış, karantin, epidemiya, dövlət orqanlarının müvafiq qərarları və aktları ilə tənzimlənən nəqliyyat fəaliyyətində uzun fasilələr, embarqo, blokada, ixrac/idxalın qadağan edilməsi (məhdudlaşdırılması) və s., səlahiyyətli orqanların qərarları, milli qanunvericilikdəki dəyişikliklər, texniki sistemlərin nasazlığı.

10. Mübahisələrin həlli qaydası.

10.1. Bu Müqavilə çərçivəsində və ya onun icrası ilə əlaqədar yarana biləcək bütün mübahisəli məsələləri Alıcı və Satıcı danışıqlar yolu ilə həll edirlər.

10.2. Alıcı və Satıcı mübahisəli məsələlərdə danışıqlar yolu ilə razılığa gələ bilmirlərsə, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həll edilməlidir.

11. Digər şərtlər

11.1. Satıcı, Alıcı ilə münasibətlərindən irəli gələn hüquq və vəzifələrini üçüncü şəxslərə həvalə etmək və ya başqa şəkildə ötürmək hüququna malikdir.

11.2. Bu Müqavilənin şərtləri ilə tənzimlənməyən bütün məsələlərdə Alıcı və Satıcı Azərbaycan Respublikasının mövcud qanunvericiliyini rəhbər tuturlar.

11.3. Bu Müqavilənin Alıcıya tam və ya qismən aydın olmayan bütün müddəaları Tərəflər arasında müzakirə olunmalıdır. Bu müzakirə Satıcının www.smartone.az ünvanında yerləşən e-poçt ünvanına Alıcı tərəfindən göndərilən tələb əsasında həyata keçirilir.

11.4. Yuxarıda göstərilən hallarda, Alıcının müraciətləri saytın Malların sifarişi məqsədilə istifadə edilməsindən əvvəl edilməlidir.

11.5. Alıcı tərəfindən müraciətlərin olmaması halında Malların sifarişi üçün saytın faktiki istifadəsi, Alıcının bu Müqavilənin müddəaları ilə bağlı heç bir anlaşılmazlığı olmadığını bildirir.

12. Müqavilənin müddəti.

12.1. Bu Müqavilə Alıcı tərəfindən sifarişin tamamlanması və Satıcı tərəfindən sifarişin icraya qəbul edilməsinin təsdiqlənməsi zamanı bağlanmış sayılır.

12.2. Müqavilə, Tərəflərin bu Müqavilənin bütün şərtlərini tam yerinə yetirməsinə qədər etibarlıdır.